Çağırış: 18 mart, 2015-ci il. Avropa Mərkəzi Bankının açılışına həsr olunmuş qala-gecəyə qarşı transmilli aksiyalar. Qala-gecəni ələ keçirək.

B3DMwo2IUAAc6nu

Dieser Post ist auch verfügbar auf: English, German, Danish, Dutch, French, Italian, Russian, Spanish, Czech, Greek, Kurdish, Polish, Portuguese, Brazil, Slovenian, Swedish, Turkish

Avropa Mərkəzi Bankı (AMB) 2015-ci il, martın 15-də Frankfurtda özünün yeni mənzil-qərargahının açılış mərasimini keçirmək niyyətindədir. Qalaya oxşayan, dövrələmə hasarla və qala xəndəkləri ilə əhatələnən, qoşa qüllələr şəklində və 185 metr hündürlüyündə olan bu binanın tikintisinə başgicəlləndirici məbləğdə – 1,3 milyard avro pul xərclənib.

Adamı vahimələndirən bu hakimiyyət arxitekturası maliyyə-siyasi elitaları ilə xalq arasındakı məsafənin çox gözəl simvolu deməkdir.

Ofislər və işçilər artıq yeni binaya köçməyə başlayıblar. Lakin Avropanın bir sıra dövlət və hökumət xadimlərinin, habelə Avropa maliyyə oliqarxiyası nümayəndələrinin iştirak edəcəyi təntənəli açılış mərasimi çərşənbə gününə – martın 18-nə təyin olunub.

Lakin sərt iqtisadiyyat və yoxsullaşdırma siyasəti yürüdülərkən bayram keçirmək heç də yerinə düşmür! Buna görə də Avropanın hər guşəsindən olan minlərlə qəzəbli insan və məğlubedilməz fəallar AMB ətrafındakı yolları mühasirəyə alacaq və hakimiyyətin və kapitalın bu bayramını Paris Kommunasının 144-cü ildönümü münasibətilə yarımçıq qoyacaqlar. Biz onların bu qala-gecəsini işğal edəcəyik. Bu tədbiri Avropanın böhran siyasətinə və bu siyasətin qitənin xüsusilə də cənubunda yaşayan insanlardan ötrü fəlakət demək olan nəticələrinə qarşı transmilli müqavimət aktına çevirəcəyik.

AMB amansız ixtisarlara, işsizliyin artmasına və Yunanıstanda və Avropa İttifaqının digər ölkələrində səhiyyə sisteminin süqutuna görə məsuliyyət daşıyan məşhur “kədərli üçlük” hadisəsində əhəmiyyətli rol oynayır. AMB Avropa Komissiyası və Avropa Şurası ilə birgə sərt iqtisadi tədbirlərin, özəlləşdirmənin tətbiqinə hər vəchlə yardım göstərib. Onlar insanların sosial hüquqlarının məhv edilməsini başa çatdırmaq üçün hətta qanuni seçilmiş hökumətləri də heç bir tərəddüd hissi keçirmədən şantaj edirdilər.

Böhran dərinləşdikcə Avropa İttifaqı heç bir demokratik siması olmayan daha avtoritar rejimə çevrilirdi.

Bunlara qanlı sərhəd nəzarəti və xarici siyasətin getdikcə militarlaşması amili də əlavə olunmalıdır. Onlar bizi təmsil etməyi artıq bacarmır, hətta bunu daha istəmirlər. Hakim elitaların bizə təklif etməyə daha heç bir qiymətli fikri, ideyası qalmayıb. Lakin həyatın bütün günc-bucağından yeni qüvvələr meydana çıxır. Bizim vəzifəmiz həmrəyliyin və real demokratiyanın “aşağıdan” möhkəmləndirilməsi olacaq. Onlar demokratiyasız kapitalizm istəyirlər. Biz isə kapitalizmsiz demokratiya istəyirik!

Eyni zamanda biz getdikcə artan irqçiliyin və ifrat sağçı hərəkatların yüksəlişinin təhlükəli nəticələri – kapitalizmin böhranının bu eybəcər məhsulları barədə də yaxşı məlumatlanmalıyıq. Onların niyyəti Avropanın ətrafındakı və daxilindəki sərhədləri möhkəmləndirməkdirsə, bizim məqsədimiz bunun əksini etməkdir. Biz Avropa qalasının divarlarını dağıtmaq istəyirik.

Doğrudur, onlar avronun xilas edilməsi, yaxud ayrı-ayrı üzv dövlətlərin rüsum ödəmək məsələlərinin həlli üçün növbədənkənar iclaslara daha o qədər də tez-tez toplaşmırlar. Lakin bu, o demək deyil ki, böhran tam sovuşub. Şok terapiyası dövrü bəzi ölkələrdən ötrü hələ əsla başa çatmayıb. Ona görə də həmin ölkələrdə yeni-yeni sərt iqtisadi tədbirlər həyata keçirilir. Digər ölkələrdə isə qeyri-müəyyənliyin və yoxsulluğun yeni normaları ilə rastlaşırıq.

İstənilən halda artıq çoxdan bəllidir ki, böhran dövründə yeridilən siyasətin heç də müvəqqəti olmaması nəzərdə tutulubmuş. Bu siyasət dövlət və ümumavropa təsisatlarının təməlinə uğurla qoyulub. Bu da yeni mərhələyə – həddən artıq məhdudlaşdırılmış sosial hüquqlar modelinə gedən yolu açıb. Lakin biz həmin modelə uyğunlaşıb alışmaqdan imtina edirik!

Almaniya bu iqtisadi siyasətin arxasında dayanan əsas və aparıcı qüvvələrdən biridir. Bu ölkə müəyyən mənada Avropanın böhran rejimi vəhşisinin ürəyi və fırtınanın nisbətən sakit mərkəzidir. Lakin sosial hüquqların məhdudlaşdırılması, getdikcə dərinləşməkdə olan qeyri-bərabərlik və artmaqda olan yoxsulluq halları Almaniyada da var. Almaniyada yaşayan insanların ləyaqətli həyat, habelə mənsubiyyətindən, cinsindən və milliyyətindən asılı olmayaraq bütün insanlardan ötrü bərabər hüquqlar və real demokratiya uğrunda çıxış etməsi üçün xeyli əsasları var.

Avropa Mərkəzi Bankının Frankfurt ofisinin açılışına həsr olunmuş qala-gecəyə qarşı aksiyalar digər ölkələrdən olan fəallarla həmrəyliyə dair dəqiq siqnal göndərmək üçün əla fürsət olacaq.

Bütün bu səbəblərdən biz martın 18-də Frankfurtdakı aksiyalarda geniş beynəlmiləl tərkibdə iştirak etməyə çağırırıq. Həmin gün təkcə bilavasitə martın 18-nə kütləvi itaətsizlik aksiyası yox, həm də müxtəlif nümayişlər, blokadaya almalar, habelə birbaşa aksiyaların digər formaları da olacaq. 2012 və 2013-cü illərin “Blokkupay günləri” sadəcə bir başlanğıc idi. Müqavimət və etirazlar Frankfurta qayıdacaq. Özü də kəmiyyət baxımından da, qətiyyətlilik baxımından da daha güclü şəkildə, heç vaxt olmadığı qədər güclü şəkildə qayıdacaq!

Biz kimik?

Biz müxtəlif Avropa ölkələrindən olan fərqli ictimai hərəkatların fəallarıyıq, altermondialistlər, miqrantlar, işsizlər, sənaye fəhlələri, həmkarlar təşkilatlarının və partiyaların üzvləriyik və s. Biz öz mübarizə və gücümüzü birləşdirməyə çalışan, bununla da dövlət-millət sərhədlərini aşmaq istəyən insanlarıq.

Bununla yanaşı biz vahid Avropa hərəkatı yaratmaq, bütün müxtəliflikləri birləşdirmək istəyirik. Biz amansız və qəddar iqitsadiyyatın hökmranlığına son qoya və həmrəyliyi və demokratiyanı “aşağıdan” qurmağa başlaya biləcək birlik yaratmaq istəyirik. Blokkupay və Frankfurtdakı aksiyalar bu yoldakı yalnız ilk addımdır.